Funksional Burun Cərrahiyyəsi:

Burundan Düzgün Nəfəs Alma Necə Bərpa Olunur?
- Burundan nəfəs alma problemi yalnız “burun içində ət olması” və ya “burun çəpərinin əyri olması” ilə izah edilə bilməz. Bəzi pasiyentlərdə burun daxilində anatomik darlıq minimal olduğu halda belə ciddi nəfəsalma çətinliyi ola bilər. Bunun əsas səbəblərindən biri burun qapağının (nasal valve) daralması və ya nəfəsalma zamanı çökməsidir.
- Bu səbəbdən funksional burun cərrahiyyəsinin əsas məqsədi sadəcə burun daxilində müəyyən toxumanı çıxarmaq deyil. Məqsəd hava keçidinin hansı anatomik səviyyədə pozulduğunu müəyyən etmək və həmin problemi anatomiyaya uyğun şəkildə düzəltməkdir. Burun tıxanıqlığının qiymətləndirilməsində anamnez və fiziki müayinə əsas rol oynayır; lazım gəldikdə endoskopiya və digər müayinələr diaqnostik prosesi tamamlayır.
Funksional burun cərrahiyyəsi nədir?
- Funksional burun cərrahiyyəsi burundan hava axınının yaxşılaşdırılması məqsədi daşıyan cərrahi müdaxilələrin ümumi adıdır. Pasiyentin şikayətindən və problemin mənbəyindən asılı olaraq əməliyyatda:
- burun çəpərinin korreksiyası — septoplastika;
- aşağı burun balıqqulaqlarının ölçüsünün azaldılması;
- burun qapağının genişləndirilməsi və ya stabilləşdirilməsi;
- burun yan divarlarının dəstəklənməsi;
- burun skeletində struktur dəyişikliklərin korreksiyası;
- sinus patologiyası olduqda endoskopik sinus cərrahiyyəsi;
- estetik və funksional problemin birlikdə olduğu hallarda funksional rinoplastika tətbiq oluna bilər.
Burada əsas prinsip prosedurun adına deyil, nəfəsalma probleminin anatomik səbəbinə fokuslanmaqdır.
Nəfəsalma probleminin ən vacib, lakin çox vaxt gözdən qaçan səbəbi:
- Burun qapağı burun hava yolunun ən dar və hava axını üçün mühüm olan hissələrindən biridir. Burun qapağı problemi iki formada özünü göstərə bilər: Statik darlıq — hava keçidi sakit nəfəsalma zamanı da anatomik olaraq dardır.
- Dinamik kollaps — pasiyent xüsusilə dərindən nəfəs aldıqda və ya fiziki yük zamanı burun yan divarının içəri doğru çökməsi baş verir. Müasir yanaşmada burun qapağı disfunksiyası ayrıca klinik vəziyyət kimi qəbul edilir və onun diaqnostikası əsasən anamnez və fiziki müayinəyə əsaslanır. 2026-cı ildə American Academy of Otolaryngology–Head and Neck Surgery də burun qapağının cərrahi bərpasını ayrıca funksional prosedur kimi tanıyır və bunun uyğun seçilmiş pasiyentlərdə burun tutulması simptomlarını və həyat keyfiyyətini yaxşılaşdıra biləcəyini bildirir. Bu çox vacib məqamdır:
Hər nəfəsalma problemi septoplastika ilə həll olunmur.
- Əgər əsas problem burun qapağındadırsa, yalnız çəpərin düzəldilməsi pasiyentin şikayətini tam aradan qaldırmaya bilər. AAO-HNS də septoplastika və turbinat əməliyyatlarının burun qapağı disfunksiyasını birbaşa müalicə etmədiyini vurğulayır.

Burun çəpəri əyriliyi niyə hər zaman əməliyyat səbəbi deyil?
- Burun çəpərinin müəyyən dərəcədə əyri olması çox geniş yayılmış anatomik vəziyyətdir. Lakin görüntüdə əyrilik olması avtomatik olaraq nəfəsalma probleminin məhz çəpərdən qaynaqlandığını göstərmir.
Pasiyentin şikayəti ilə anatomik tapıntı birlikdə qiymətləndirilməlidir.
Məsələn:
- Çəpər əyriliyi + normal burun qapağı → septoplastika əsas müalicə ola bilər.
- Çəpər əyriliyi + aşağı turbinat hipertrofiyası → bir neçə anatomik səviyyənin korreksiyası lazım ola bilər.
- Çəpər əyriliyi + burun qapağı darlığı → yalnız septoplastika kifayət etməyə bilər.
- Burun qapağının dinamik kollapsı → struktur dəstəyin bərpası və ya digər uyğun valve proseduru nəzərdən keçirilə bilər.
- Bu səbəbdən funksional cərrahiyyədə “bir əməliyyat hamıya uyğundur” yanaşması düzgün deyil.
Burun qapağı niyə bu qədər önəmlidir?

- Burun hava yolu sadəcə içindən havanın keçdiyi boş boru deyil. Burun skeleti, çəpər, üst və alt lateral qığırdaqlar, turbinatlar və selikli qişa birlikdə mürəkkəb hava keçidi yaradır.
- Bu strukturlardan birinin mövqeyi dəyişdikdə hava axınının xüsusiyyətləri də dəyişə bilər.
- Xüsusilə burun qapağı səviyyəsində kiçik anatomik dəyişiklik belə hava keçidinə əhəmiyyətli təsir göstərə bilər. Buna görə funksional rinoplastikada məqsəd sadəcə burunu “genişləndirmək” deyil, hava yolunun struktur sabitliyini qorumaq və ya bərpa etməkdir. Burun qapağının anatomiyası və müalicəsində müxtəlif struktur və yumşaq toxuma yanaşmaları təsvir olunub; hansı texnikanın seçilməsi konkret anatomik problemdən asılıdır.
Niyə bəzi pasiyentlər yalnız idman zamanı nəfəs almaqda çətinlik çəkir?
![]()
- Bu vəziyyət xüsusilə dinamik burun qapağı problemlərində diqqət çəkə bilər.
- Sakit vəziyyətdə pasiyent kifayət qədər rahat nəfəs ala bilər. Lakin fiziki aktivlik zamanı nəfəsalma dərinləşdikdə burun daxilində mənfi təzyiq artır və zəif dəstəklənən lateral burun divarı içəri doğru hərəkət edə bilər.
- Pasiyent bunu belə təsvir edə bilər:
• “Qaçanda burnum tutulur.”
• “İdmanda ağızdan nəfəs alıram.”
• “Dərindən nəfəs alanda burun dəliklərim içəri çəkilir.”
• “Burun bantı yapışdıranda daha rahat nəfəs alıram.”
- Belə şikayətlər yalnız selikli qişa ödemi ilə izah edilməməlidir. Burun qapağının funksiyası ayrıca qiymətləndirilməlidir.
Cottle testi nə üçün istifadə olunur?

- Burun qapağının qiymətləndirilməsində klinik müayinənin bir hissəsi kimi Cottle və modifikasiya olunmuş Cottle manevrlərindən istifadə edilə bilər.
- Məntiq sadədir: pasiyent burun yan divarını müəyyən şəkildə dəstəklədikdə nəfəsalmanın nəzərəçarpacaq yaxşılaşması burun qapağı komponentinin mövcudluğunu düşündürə bilər.
- Lakin bu test təkbaşına əməliyyat qərarı vermək üçün kifayət deyil.
- AAO-HNS-in hazırkı mövqeyinə görə burun qapağı disfunksiyası klinik diaqnozdur; fiziki müayinə əsasdır və endoskopiya əlavə səbəbləri müəyyənləşdirmək üçün faydalı ola bilər.
Funksional rinoplastika nə zaman lazım ola bilər?
- Bəzi pasiyentlərdə nəfəsalma problemi ilə burunun xarici formasının pozulması eyni anatomik problemin nəticəsidir.
Məsələn:
- burun travmasından sonra skeletin deformasiyası;
- burun belinin və ya yan divarların daralması;
- burun qapağının zəifliyi;
- əvvəlki rinoplastikadan sonra struktur dəstəyin azalması;
- asimmetrik burun;
- çəpər və lateral qığırdaqlar arasında funksional uyğunsuzluq.
- Belə vəziyyətlərdə yalnız burun daxilində əməliyyat aparmaq kifayət etməyə bilər.-
- Funksional rinoplastikanın məqsədi burunun həm xarici strukturunu, həm də hava yolunu nəzərə alaraq funksional problemi düzəltməkdir.
- Bu zaman müxtəlif struktur dəstək üsullarından, qığırdaq greftlərindən və digər rekonstruktiv texnikalardan istifadə edilə bilər. Hansı texnikanın seçilməsi pasiyentin anatomiyasından asılıdır.
Əvvəlki rinoplastikadan sonra nəfəsalma problemi
Revizion rinoplastikadan sonra nəfəsalma şikayətləri ayrıca yanaşma tələb edir.
Çünki əvvəlki əməliyyat zamanı:
- septumun strukturu dəyişmiş;
- lateral qığırdaqlar zəifləmış;
- burun qapağının sahəsi daralmış;
- çapıq toxuması yaranmış;
- burun skeletinin dəstəyi azalmış ola bilər.
Bu pasiyentlərdə “sadəcə çəpəri düzəltmək” yanaşması bəzən problemin bütün komponentlərini əhatə etmir.
Revizion funksional cərrahiyyədə əsas sual:
“Burun harada dardır?” deyil, daha geniş şəkildə:
“Hava axınının pozulmasına hansı anatomik strukturlar birlikdə səbəb olur?”olmalıdır.
Funksional burun əməliyyatından əvvəl hansı qiymətləndirmə aparılır?

Ətraflı müayinə zamanı bir neçə komponent birlikdə qiymətləndirilir.
1. Şikayətin xarakteri
Burun tıxanıqlığı:
- bir tərəfli və ya ikitərəfli;
- daimi və ya dəyişkən;
- istirahətdə və ya fiziki yük zamanı;
- gecə və ya gündüzdaha çox ola bilər.
2. Xarici burunun analizi - Burun skeletinin forması, asimmetriyalar və nəfəsalma zamanı lateral divarın hərəkəti qiymətləndirilir.
3. Burun daxili müayinə - Septum, turbinatlar, selikli qişa və digər strukturlar qiymətləndirilir.
4. Burun qapağının qiymətləndirilməsi - Statik daralma ilə dinamik kollaps arasında fərq müəyyənləşdirilir.
5. Lazım olduqda endoskopiya - Endoskopik müayinə burun daxilində əlavə patologiyaların müəyyənləşdirilməsində faydalı ola bilər. Lakin burun qapağı probleminin diaqnozu üçün endoskopiyanın mütləq olması tələb olunmur.
6. KT — yalnız uyğun göstəriş olduqda - KT bütün burun tıxanıqlığı problemlərinin universal cavabı deyil. Xüsusilə dinamik burun qapağı kollapsını KT adekvat şəkildə göstərməyə bilər.
⸻
Burun tutulması həmişə əməliyyatla müalicə edilmir . Bu da funksional cərrahiyyənin mühüm prinsipidir.

Əgər problem əsasən:
- allergik rinit;
- qeyri-allergik rinit;
- selikli qişanın iltihabı;
- dərman mənşəli rinit;
- digər iltihabi proseslərlə əlaqəlidirsə, ilk növbədə uyğun konservativ müalicə tələb oluna bilər.
Burun tutulmasının səbəbi anatomik olduqda isə cərrahi müalicə gündəmə gəlir. Müasir klinik yanaşma müalicənin konkret səbəbə uyğun fərdiləşdirilməsini tövsiyə edir.
Funksional burun cərrahiyyəsində məqsəd nədir?

Uğurlu funksional əməliyyat yalnız “burunun açılması” ilə ölçülməməlidir.
Məqsədlər daha genişdir:
- Burundan hava keçidini yaxşılaşdırmaq
- Burun qapağının struktur sabitliyini qorumaq
- Lazımsız toxuma itkisinə yol verməmək
- Burunun dəstəkləyici strukturlarını qorumaq
- Əgər estetik problem də varsa, funksiyanı və formanı birlikdə nəzərə almaq
- Pasiyentin gündəlik həyat, yuxu və fiziki aktivlik zamanı nəfəsalma komfortunu artırmaq
Burun tıxanıqlığının həyat keyfiyyətinə, xüsusilə yuxuya və gündəlik fəaliyyətə təsir edə bildiyi göstərilmişdir.
“Nəfəs almaq üçün burun əməliyyatı” ilə “estetik rinoplastika” arasındakı fərq Estetik rinoplastikada əsas məqsəd burunun görünüşünün dəyişdirilməsidir.
Funksional cərrahiyyədə isə əsas məqsəd burun hava yolunun funksiyasının yaxşılaşdırılmasıdır.
Lakin real klinik praktikada bu iki məsələ çox vaxt bir-birindən tam ayrı deyil.
Burunun forması onun funksiyasına təsir edə bilər.
Məsələn, burun skeletinin daralması həm estetik görünüşə, həm də burun qapağının funksiyasına təsir göstərə bilər. Bu səbəbdən bəzi pasiyentlərdə funksional və estetik rinoplastika eyni əməliyyatın tərkibində planlaşdırılır. AAO-HNS də rinoplastikanın həm burun formasını, həm də funksiyasını nəzərə alan klinik yanaşma ilə aparılmasını tövsiyə edən rəhbərliyə malikdir.
Ən vacib prinsip: əvvəl diaqnoz, sonra texnika
Funksional burun cərrahiyyəsində düzgün yanaşma belədir:
Şikayət → anatomik analiz → səbəbin müəyyənləşdirilməsi → fərdi cərrahi plan → uyğun texnikanın seçilməsi
Əks istiqamətdə düşünmək — yəni əvvəlcədən müəyyən bir əməliyyat seçib sonra pasiyenti həmin əməliyyata uyğunlaşdırmaq — düzgün yanaşma deyil.
Məsələn, “septum əyridir, deməli septoplastika lazımdır” yanaşması bəzi pasiyentlər üçün doğru olsa da, bütün halları izah etmir.
Eyni şəkildə “burun tutulur, deməli turbinatlar kiçildilməlidir” yanaşması da hər pasiyent üçün uyğun deyil.
Çünki burun tənəffüsü bir neçə anatomik strukturun birlikdə işləməsindən asılıdır.
Nəticə
Funksional burun cərrahiyyəsi yalnız burun çəpərinin düzəldilməsi və ya turbinatların kiçildilməsi demək deyil.
Müasir yanaşmada burun tənəffüsü septum, turbinatlar, burun qapağı, lateral burun divarları və burun skeletinin birgə funksiyası kimi qiymətləndirilir.
Xüsusilə burun qapağı disfunksiyasının tanınması vacibdir. Çünki burun qapağı probleminin olduğu pasiyentdə yalnız septoplastika və ya turbinat müdaxiləsi aparılması əsas anatomik problemi tam həll etməyə bilər.
Buna görə funksional burun əməliyyatının ən vacib mərhələsi əməliyyatın özü deyil, problemin dəqiq anatomik mənbəyinin müəyyən edilməsidir.
◦ Yaxşı funksional nəticə burunu sadəcə açmaq deyil — hava yolunun anatomiyasını qoruyaraq və ya bərpa edərək burunun fizioloji funksiyasını yaxşılaşdırmaqdır.
Məqalənin Müəllifi: MD.PhD.Dr Alif Huseynzade